Tibb elminin inkişafı tibbin müxtəlif sahələri üzrə aparılan elmi tədqiqat nəticələrindən çox asılıdır. Bu sahədə aparılmış tədqiqatların nəticələrində tibbi texnologiyalar, müalicə metodları, dərman vasitələri davamlı yenilənməkdədir. Bu baxımdan müasir texnologiyanın imkanlarından daha çox faydalanan gənc tədqiqatçılar maraqlı mövzularla, yeniliklərlər çıxış edirlər. Universitetlərdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətləri xətti ilə hər il yüzlərlə elmi işlər müzakirə olunur və bir çoxu nüfuzlu beynəlxalq nəşrlərdə işıq üzü görür. Bu baxımdan gənc tədqiqatçıları bir araya gətirmək, təbabətin müxtəlif sahələri üzrə onların təqdimatlarını dinləmək, müzakirələr, diskusiyalar təşkil etmək tibbi biliklərə olan marağın daha da artmasına, tədqiqatçılıq potensialının formalaşmasına gətirib çıxarar.

Azərbaycanın, eyni zamanda xarici ölkələrin gənc tibb tədqiqatçılarını bir araya gətirmək, onların tibbin və səhiyyənin müxtəlif sahələri üzrə əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq təşkil olunan konqresin əsas məqsədidir.